İcma qaydaları
OyunRotor-u hamı üçün faydalı və təhlükəsiz saxlamaq üçün bir neçə sadə qayda. Qısası: hörmətli ol, yalnız öz işini paylaş, dürüst rəy yaz.
Hörmətli ol
Burada hər kəs nəsə düzəltməyə çalışır, çoxu da ilk dəfə. Tənqid oyuna yönəlsin, insana yox.
- Təhqir, hədə, ayrı-seçkilik və nifrət dilinə yer yoxdur.
- Başqasının şəxsi məlumatını (telefon, ünvan, şəkil) icazəsiz paylaşma.
- Spam, reklam axını və eyni mesajı təkrar-təkrar yazmaq olmaz.
- Mübahisə normaldır, şəxsi hücum yox.
Dürüst və faydalı rəy
Yaxşı rəy developerə növbəti addımı göstərir. Rəy formasındakı üç sual məhz bunun üçündür.
- Nə xoşuna gəldi: konkret yaz, məsələn “hoppanma hissi yaxşıdır” və ya “musiqi atmosferə uyğundur”.
- Nə yaxşılaşa bilər: problemi göstər, mümkünsə həll də təklif et. Sadəcə “pisdir” yazmaq kömək etmir.
- Bug-lar: nə etdin, nə gözləyirdin, nə baş verdi.
- Oyunu oynamadan rəy yazma. Öz oyununa və ya komandanın oyununa rəy yazma.
- Ulduzları dostluğa və ya inada görə yox, təcrübənə görə ver.
Yalnız öz işini paylaş
Yüklədiyin oyun, şəkil, səs və mətn sənin olmalıdır və ya onları istifadə etmək hüququn olmalıdır.
- Başqasının oyununu, asset-ini və ya musiqisini öz adına yükləmə.
- Lisenziyalı asset istifadə edirsənsə, təsvirdə müəllifini və lisenziyasını göstər.
- Müəllif hüququnun pozulduğunu düşünürsənsə, məzmunun yanındakı “Şikayət et” düyməsini bas və ya Əlaqə səhifəsindən «Müəllif hüququ» mövzusu ilə yaz.
Müəllif hüququ şikayətlərinə 7 iş günü ərzində cavab veririk. Yoxlama vaxtı məzmun gizlədilə bilər. Onu yerləşdirənə xəbər veririk; o, məzmunun ona aid olduğunu və ya istifadə hüququ olduğunu göstərən etiraz göndərə bilər. Etiraz əsaslıdırsa, məzmunu geri qaytarırıq.
Zərərli fayl yoxdur
Yüklənən fayllar yoxlanılmır və serverdə açılmır. Ona görə burada güvən hər şeydən vacibdir.
- Virus, troyan, mayner və ya gizli proqram olan fayl yükləmək qəti qadağandır. Belə hesab dərhal bloklanır.
- Oyunun nə etdiyini dürüst yaz: internet bağlantısı və ya admin icazəsi tələb edirsə, təsvirdə qeyd et.
- Şübhəli fayl görsən, açma, şikayət et.
- Endirən hər kəs bilsin: fayllar icma tərəfindən yüklənir və yoxlanılmır. Antivirusun açıq olsun.
Moderasiya necə işləyir
Qayda pozulanda moderatorlar addım-addım hərəkət edir:
- Şikayət: istənilən istifadəçi oyun, rəy, mövzu, şərh və ya profil üçün şikayət göndərə bilər.
- Baxış: moderator məzmuna və kontekstə baxır. Şikayətçinin adı müəllifə göstərilmir.
- Qərar: şikayət ya rədd edilir, ya da məzmun gizlədilir və müəllifə səbəbi bildirilir.
- Təkrar pozuntu: hesab müvəqqəti və ya birdəfəlik bloklana bilər. Zərərli fayl və ağır təhqir halında bu addım dərhal atılır.
Qərarla razı deyilsənsə, Əlaqə səhifəsindən (oyunrotor.com/elaqe) və ya [email protected] ünvanına yaz. Hər qərarın səbəbini izah etməyə hazırıq.
