Məxfilik siyasəti
Qüvvəyə minmə tarixi: 14 noyabr 2026. Yalnız Platformanın işləməsi üçün lazım olan məlumatı toplayırıq, onu satmırıq və reklam üçün istifadə etmirik. Bu siyasət “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və Avropa İttifaqının Ümumi Məlumat Qorunması Reqlamentinə (GDPR) uyğun hazırlanıb.
1. Məlumatlarına kim cavabdehdir
Fərdi məlumatlarının operatoru (GDPR üzrə “nəzarətçi”) OyunRotor-u idarə edən fiziki şəxs Əlizadə Cavidandır (Bakı, Azərbaycan). Məlumatlarınla bağlı istənilən sual üçün Əlaqə səhifəsi (oyunrotor.com/elaqe) və ya [email protected] vasitəsilə yaz.
2. Hansı məlumatları toplayırıq
- Hesab məlumatları: e-poçt, ad, istifadəçi adı, şifrənin geri qaytarılmayan heşi (şifrənin özü saxlanılmır). Google və ya Discord ilə daxil olsan, onlar bizə e-poçtunu, adını, profil şəklini və hesab identifikatorunu ötürür.
- Profil məlumatları (açıq): profil şəkli, şəhər, bacarıqlar, linklər, özün haqqında mətn, titullar. Bunları özün doldurursan və icmaya görünür.
- Kontent: yüklədiyin oyun faylları, şəkillər, rəylər, forum mövzuları, şərhlər, devloglar, komanda elanları, müraciətlər, komanda söhbəti mesajları, şikayətlər və Əlaqə formasından göndərdiyin mesajlar.
- Razılıq qeydləri: İstifadə şərtlərini qəbul etdiyin tarix və sənədin versiyası, həftəlik xülasə e-poçtuna razılığın, bildiriş seçimlərin.
- Texniki məlumatlar: aktiv sessiyaların üçün IP ünvanı və brauzer məlumatı (Ayarlar → Hesab bölməsində görürsən), təhlükəsizlik və spam limitləri üçün hərəkət qeydləri.
- Statistika: sayt və oyun səhifələrinə baxışlar, endirmələr və brauzerdə oynanmalar. Daxil olmuş istifadəçilər hesab identifikatoru ilə, qonaqlar isə IP ünvanı və brauzerin hər gün dəyişən gizli açarla (salt) qarışdırılmış heşi ilə sayılır; IP ünvanının özü saxlanılmır və qonağı günlər arasında tanımaq mümkün deyil.
- Moderasiya qeydləri: şikayətlər, gizlədilən kontent, bloklama və onların səbəbləri.
Səndən həssas kateqoriyalı məlumat (sağlamlıq, din, siyasi baxışlar və s.) istəmirik. Belə məlumatı açıq profilində və ya kontentində paylaşmamağı tövsiyə edirik.
3. Məqsədlər və hüquqi əsaslar
- Hesabını yaratmaq və idarə etmək, kontentini saxlamaq və göstərmək, bildiriş göndərmək: səninlə bağlanan müqavilənin (İstifadə şərtlərinin) icrası.
- Həftəlik xülasə e-poçtu, könüllü profil məlumatları: sənin razılığın. Razılığını istənilən vaxt Ayarlardan geri götürə bilərsən.
- Təhlükəsizlik, spam və bot yoxlaması, xətaların aradan qaldırılması, moderasiya, ümumi statistika: Platformanın və istifadəçilərin qorunmasına yönəlmiş qanuni maraq.
- Dövlət orqanlarının qanuni sorğularının icrası və hüquqi iddialardan müdafiə: qanuni öhdəlik.
Məlumatını satmırıq, reklam profili yaratmırıq və sənin haqqında hüquqi nəticə doğuran avtomatlaşdırılmış qərar qəbul etmirik.
5. Məlumatları kimlərlə paylaşırıq
Məlumatlarını yalnız Platformanın işləməsi üçün lazım olan xidmət təminatçılarına, onların göstərdiyi xidmət həcmində ötürürük:
- Contabo GmbH (Almaniya; server Fransada, AB): sayt serveri və məlumat bazası.
- Cloudflare, Inc. (ABŞ): sayta gələn bütün trafik onun şəbəkəsindən keçir (HTTPS, hücumlardan qoruma); yüklədiyin fayllar (oyunlar, şəkillər) və şifrələnmiş ehtiyat nüsxələr Cloudflare R2-də saxlanılır; giriş, qeydiyyat və Əlaqə formalarında bot yoxlaması (Turnstile).
- Resend (ABŞ): təsdiq kodları və bildiriş e-poçtlarının çatdırılması (e-poçt ünvanın və məktubun mətni).
- Google və Discord: yalnız onlarla daxil olmağı seçsən.
- YouTube (Google): oyun səhifəsində video varsa, o, məxfiliyi gücləndirilmiş youtube-nocookie.com rejimində yüklənir.
Məlumatı yalnız qanunun tələb etdiyi hallarda səlahiyyətli dövlət orqanlarına açıqlayırıq. Açıq profilin və dərc etdiyin kontent isə təbii ki, Platformanın bütün ziyarətçilərinə görünür.
6. Məlumatların xaricə ötürülməsi
Serverimiz Avropa İttifaqında (Fransa) yerləşir, faylların və ehtiyat nüsxələr Cloudflare-in şəbəkəsində saxlanılır, ona görə məlumatların Azərbaycandan kənarda saxlanılır. Bəzi təminatçılar (Cloudflare, Resend) ABŞ-da fəaliyyət göstərir; onlara ötürülmə GDPR-in tələb etdiyi qoruma vasitələri (məsələn, Avropa Komissiyasının standart müqavilə şərtləri) əsasında həyata keçirilir.
Platformada qeydiyyatdan keçməklə məlumatlarının bu bölmədə göstərilən ölkələrə ötürülməsinə razılıq verirsən.
7. Nə qədər saxlayırıq
- Hesab məlumatları: hesabın mövcud olduğu müddətdə.
- Hesabı silsən: e-poçtun, adın, profil məlumatların və şəklin, girişlərin, sessiyaların və bildirişlərin dərhal silinir. Rəylər, mövzular, şərhlər və oyunlar Platformada qalır, lakin müəllif “Silinmiş istifadəçi” kimi göstərilir. Onların da silinməsini istəyirsənsə, hesabı silməzdən əvvəl özün sil və ya bizə yaz.
- Şifrələnmiş ehtiyat nüsxələr: 30 gün. Silinən məlumat bu müddət bitəndə ehtiyat nüsxələrdən də itir.
- Sessiyalar: ən çox 30 gün. Təsdiq kodları: 10 dəqiqə.
- Statistika qeydləri: Platforma fəaliyyət göstərdiyi müddətdə, ümumi saylar şəklində; qonaqlara aid qeydlər heşlənmiş formadadır və şəxsi tanımağa imkan vermir.
- Moderasiya qeydləri: təhlükəsizlik və mübahisələrin həlli üçün lazım olduğu müddətdə.
8. Sənin hüquqların
- Haqqında hansı məlumatı saxladığımızı öyrənmək və surətini almaq.
- Yanlış məlumatı düzəltmək (çoxunu özün Ayarlarda dəyişə bilərsən).
- Məlumatın silinməsini tələb etmək (hesabı özün silə bilərsən).
- Emalın məhdudlaşdırılmasını tələb etmək və ya qanuni maraq əsasında emala etiraz etmək.
- Məlumatını maşınla oxunan formatda almaq (daşınma hüququ).
- Razılığını istənilən vaxt geri götürmək; bu, ondan əvvəlki emalın qanuniliyinə təsir etmir.
- Səlahiyyətli dövlət orqanına şikayət etmək (Avropa İttifaqında yaşayırsansa, öz ölkənin məlumat qorunması orqanına).
Hüquqlarından istifadə etmək üçün Əlaqə səhifəsi (oyunrotor.com/elaqe) və ya [email protected] vasitəsilə yaz. Müraciətə 30 gün ərzində cavab veririk; şəxsiyyətini təsdiqləmək üçün hesabının e-poçtundan yazmağını xahiş edə bilərik.
9. Uşaqlar
Platforma 13 yaşdan kiçiklər üçün nəzərdə tutulmayıb və onlardan bilərəkdən məlumat toplamırıq. 13–18 yaş arası istifadəçilər valideyn və ya qanuni nümayəndə razılığı ilə qoşulur. 13 yaşdan kiçik şəxsin hesab açdığını öyrənsək, hesabı və məlumatları silirik. Valideynsənsə və belə hal barədə bilirsənsə, bizə yaz.
10. Təhlükəsizlik
Bütün əlaqə HTTPS ilə şifrələnir, şifrələr heşlənmiş saxlanılır, ehtiyat nüsxələr şifrələnir, serverə giriş məhdudlaşdırılıb. Heç bir sistem tam təhlükəsiz olmasa da, məlumatlarını qorumaq üçün ağlabatan texniki və təşkilati tədbirlər görürük. Məlumatlarına təsir edən təhlükəsizlik insidenti baş verərsə, qanunla tələb olunan müddətdə sənə və lazım olduqda səlahiyyətli orqanlara xəbər verəcəyik.
11. Bu siyasətin dəyişdirilməsi
Siyasəti yeniləyə bilərik. Əhəmiyyətli dəyişiklik olanda (məsələn, yeni növ məlumat toplamağa başlasaq) qüvvəyə minməsindən ən azı 14 gün əvvəl saytda və ya e-poçtla xəbər verəcəyik. Siyasət Azərbaycan və İngilis dillərində dərc olunur; fərq olarsa, Azərbaycan dilindəki mətn əsas götürülür.
12. Əlaqə
Əlizadə Cavidan, Bakı, Azərbaycan. Əlaqə səhifəsi (oyunrotor.com/elaqe) və ya [email protected].
